CƏMİYYƏT
Umayra Tağıyeva: region ölkələrinin hava şəraiti Atlantika siklonlarının təsiri altında olacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-u və dekabr ayının ilk günlərində region ölkələrinin hava şəraiti Atlantika siklonlarının təsiri altında olacaq.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, qonşu Türkiyənin və Rusiyanın cənubunda siklonlarla bağlı soyuq atmosfer cəbhələrinin keçməsi müəyyən fəsadlar törədib.
U.Tağıyevanın sözlərinə görə, ölkəmizə yaxınlaşan soyuq atmosfer cəbhəsi əvvəlcə qış fəsli üçün o qədər də səciyyəvi olmayan cənub-qərb küləyinin güclənməsinə səbəb olacaq: “Adətən daha səs-küylü olan cənub-qərb küləyi saniyədə 15-20, arabir 23-28 metrədək güclənəcək. Dekabrın 1-i gündüz isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürətinin 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək.
Müqayisə üçün bildirək ki, noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub. Buna baxmayaraq, həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət görülür”.
Xidmət rəisi qeyd edib ki, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.
“Yağıntının dekabr ayının 1-dən əsasən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Dekabrın 1-nə gündüzədək cənub-qərb küləyinin üstünlüyü temperaturun normadan yüksək olmasına səbəb olacaq, lakin ayın 2-də havanın temperaturu 5-8 dərəcə enəcək”, - deyə U.Tağıyeva diqqətə çatdırıb.