CƏMİYYƏT
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilməsinə başlanılıb
Bakı, 8 may, AZƏRTAC
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur və həmin gün dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək üçün “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirlər keçirməyə başlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində "Qida təhlükəsizliyinin təmin olunması hər kəsin işidir" mövzusunda çap materialı hazırlanıb və qida zənciri boyu fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərində yerləşdirilməsinə başlanılıb. Çap materialında qida təhlükəsizliyinin təmin olunmasında iştirak edən tərəflərin məsuliyyəti və üzərlərinə düşən vəzifələr diqqətə çatdırılır.
Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 2018-ci il dekabrın 20-də verdiyi qərar ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.