MƏDƏNİYYƏT
Ümumdünya forumunda Azərbaycan tərəfdən “5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın əsasının qoyulması təklifinin irəli sürülməsi nəzərdə tutulur
Bakı, 31 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfrasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünün davamı olaraq bu il aprelin 7-dən 9-dək ilk dəfə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, aprelin 7-dən 9-dək Bakının bütün qitələr və dünya xalqları mədəniyyətlərinin ab-havasına köklənəcəyi əsas götürülərək Azərbaycan tərəfdən forumda “5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın əsasının qoyulması təklifinin irəli sürülməsi nəzərdə tutulur. Tədbirdə təmsil olunacaq Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başlandığı nəzərə alınaraq rəmzi olaraq yeni platformanın adı “5 A” kimi təklif edilir.