SİYASƏT
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Kiyevdə də yad edilib VİDEO
Kiyev, 11 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə, “SOCAR Energy Ukraine” şirkətinin, Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin rəhbər heyəti, Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi, diaspor fəalları, diplomatlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Səfir vurğulayıb ki, Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Dekabrın 10-da isə bütün dünya Bakıda keçirilən Zəfər paradında Azərbaycan və Türkiyənin gücünü gördü. Azərbaycan və Türkiyə prezidentlərinin tarixi çıxışına şahidlik etdi.
Daha sonra Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə çıxış edərək bildirib ki, bu gün Azərbaycan və Türkiyənin uğurları ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün ruhunu şad edir.
“Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi rəhmətlə yad edirəm. Ümummilli Lider xalqına güclü Azərbaycanı miras qoydu. Bu gün isə Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri Prezident İlham Əliyevə aiddir”, - deyə Yağmur Əhməd Güldərə əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev