SİYASƏT
Ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Liviyanın bir sıra aparıcı qəzetlərində geniş məqalələr dərc olunmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar ölkəmizin Liviyadakı səfirliyinin səyləri nəticəsində bu ölkənin bir sıra aparıcı qəzetlərində geniş məqalələr dərc olunmuşdur.
Azərbaycanın Liviyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Qurina əl-Cədidə” həftəlik qəzetinin 2012-ci il 10 dekabr tarixli nömrəsində “Azərbaycan ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümünü yad edir”, “Əl-Vatan əl-Libiyyə” elektron qəzetinin 11 dekabr tarixli nömrəsində “Azərbaycan xalqının ümummilli lideri” (www.alwatan-libya.com), “Əl-Liva” qəzetinin 32-ci nömrəsində “Azərbaycan xalqının ümummilli lideri”, “Əl-Ənbə əl-Libiyyə” elektron nəşrinin 12 dekabr tarixli nömrəsində “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri” (www.anbalibya.com), “Fəsəniyə” həftəlik qəzetinin cari il 16 dekabr tarixli nömrəsində “Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümünü yad edir” sərlövhəli məqalələr dərc olunmuşdur.
Məqalələrdə ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu, Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində misilsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın müasir inkişaf tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğu, ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrdə ciddi dönüşün yarandığı qeyd edilmişdir.
Yazılarda ulu öndər Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə və etibarlı tərəfdaşa çevrildiyi vurğulanmışdır.