ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyevin xatirəsi Suraxanıda 278 nömrəli məktəbdə anılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 278 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Tədbirdə məktəbin direktoru Məlahət Əliyeva bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 14 il keçir. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır. Bu zəngin siyasi irs daim öyrənilməli və öyrədilməlidir.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov vurğulayıb ki, ulu öndər Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu məqsədlərə və hədəflərə nail olmaq üçün yalnız fenomenal şəxsi keyfiyyətlərinə, daxili inamına və iti fəhminə deyil, eyni zamanda, ictimai rəyə əsaslanır, ən böyük dəstəyi və enerjini öz xalqından alırdı. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra irimiqyaslı, möhtəşəm layihələr həyata vəsiqə alıb. Bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilib.