ELM VƏ TƏHSİL
Üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələbələrin peşə təlimi başa çatır
Bakı, 9 sentyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə həyata keçirilən “Bacarıqlı ol” usta yanında öyrənmə layihəsi çərçivəsində İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil mərkəzlərində üzüm və şərab ustası ixtisası üzrə təhsil alan tələbələrin təcrübəyə əsaslanan peşə təlimi başa çatır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimin yekunu olaraq ötən həftədən etibarən sözügedən təhsil müəssisələrinin tələbələri üçün ayrılmış sahələrdə üzüm yığımına başlanılıb. Belə ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin üzüm və şərab ustası ixtisası üzrə təhsil alan 14 tələbəsi “İsmayıllı Şərab-2” ASC, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin eyniadlı ixtisas üzrə təhsil alan 22 tələbəsi isə Qəbələdə yerləşən “Aspi Agro” MMC-yə məxsus üzüm sahələrinin təcrübə üçün ayrılmış 2 hektar təsərrüfat qismində üzüm yığımını həyata keçirirlər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev və agentliyin nümayəndələri Zaur Əliyev, Ceyran Məmmədli məhsul yığımına qatılaraq tələbələrin sahədə gördükləri işlərlə tanış olublar. Tədbir zamanı hər iki peşə təhsil müəssisəsinin rəhbərləri, həmçinin “İsmayıllı Şərab-2” ASC və “Aspi Agro” MMC-nin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən və ölkədə üzümçülük və şərabçılığın inkişafı istiqamətində vermiş olduğu töhfədən bəhs ediblər.
Üzüm yığımı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən “Montepulciano” və “Verdejo”, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən “Saperavi”, “Rkatsiteli” və “Bayan Şira” növləri üzrə aparılır.
İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil mərkəzləri üçün ayrılmış təsərrüfat sahəsindən yığılan məhsuldan tələbələrin iştirakı ilə şərab istehsal edilməsi, qablaşdırılması və “PeŞərab” xüsusi brendi ilə təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tələbənin “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən təlim proqramının məqsədi praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin etməkdir. Tələbələr istehsal prosesinin mühüm mərhələlərində tərəfdaş işəgötürən müəssisələrdə iş prosesində iştirak etməklə praktiki bacarıqlara yiyələnirlər. Peşə təlimini uğurla bitirən tələbələrə sertifikatlar da təqdim olunacaq.