MƏDƏNİYYƏT


Vaqif Mustafazadə: Portretə ştrixlər

Bu gün görkəmli caz ifaçısı Vaqif Mustafazadənin anadan olmasından 77 il ötür

Bakı, 16 mart, AZƏRTAC

Əzizim axar gedər,

Su gələr, axar gedər,

Dünya bir pəncərədir,

Hər gələn baxar gedər.

***
Bu qala bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikmişəm izim qala.

Bu bayatıları o, tanınmış xanəndəmiz Hacıbaba Hüseynovla bahəm ifada musiqi silsiləsinə köçürərkən, daxilən duyduğu şeir məğzini doğma İçərişəhərinə, doğulub boy atdığı Böyük qala küçəsinə (hazırda V.Mustafazadə adını daşıyır), sal daşların ilmələrindən toxunan yollara, qala qapılarına, doğma, xırda tinlərə, dalanlara ünvanlamışdı. Dekabr ayında, 1979-cu ildə...

Bəli, doğma yurdunun, ana bətnindən son mənzilinədək duyduğu, çalıb-çağırdığı Bakı şəhərinin, onun qədim, sirli, daş-divarlı abidələrinin, xaricən çılğın, qəribə təbiətli, daxilən atəşli, təmkinli və əsrlərlə daha da qatılaşan ənənələrinin vurğunu idi Vaqif Əziz oğlu Mustafazadə. Kimlərsə - əslində zamanın ideoloji tələblərinə uyuşanlar bunu anlamır, ciddi kanonik sərt tələblər uydurub, gah onun qəlbən duyduğu caz musiqisi, caz açarına, gah xarici görkəminə, bığ-saqqal, kostyum üslubuna iradını bildirirdi. Tükənməyən iradlar, şikayət və gileylər, qadağalar – bunlar həm yorucu, həm də dözülməz idi. Bəlkə də günbəgün telekanallardan, inzibati işçilərdən eşitdiyi gileylərə bir müqavimət, bir etiraz kimi daha da qabardır, artırırdı bu tərzləri. Bir kompromis addımı kimi isə dövrün tipik, ansambl ənənələrindən olan vokal-instrumental ansamblları yaratmaq – məhz bunlar onun enerjisini, diqqətini yayındırdan həll yolları idi.

1970-71-ci illərdə onun “Leyli”, bir qədər sonra yaratdığı “Sevil” qrupları həmin qərarın gerçəkləşdirilməsi olaraq öz dinləyicilərini tapdı. Ozamankı nəslin gözəl tanıdığı, lakin indiki günlərdə bəziləri unudulmağa başlayan bəstəkar mahnıları Mustafazadə yaradıcılığında bu mərhələnin - estrada musiqisinə məcburi yönəlmənin nəticəsi kimi əlamətdardır. Özünün ən yaxşı vokal-instrumental aranjeman işləmələrində “Qara qaşın vəsməsi”, “Güləbatın”, “Evləri var xana-xana” xalq mahnılarına, F.Əmirovun “Reyhan”, T.Quliyevin “Sənə də qalmaz”, C.Cahangirovun “Qarabağ” və başqa əsərlərdə V.Mustafazadə bir aranjemançı kimi püxtələşib sonradan xalq və bəstəkar mahnılarına saysız- hesabsız işləmələrini yaradır, bu işləmə-bəstələrdə öz duyumunu, öz dəstxəttini qoya bilir. Zaman ötdükcə, Cahangir Cahangirovun “Ana”, Ağabacı Rzayevanın “Evimizə gəlin gəlir”, Ələkbər Tağıyevin “Bakı gecələri”, Adil Bəbirovun “Ürəyimdəsən”, Ramiz Mirişlinin “Bakının işıqları” mahnıları məhz V.Mustafazadənin ilhamlı, zərif və nəfis improvizələrində yeni həyat qazanır.

Qəribədir, lakin əslində heç təəccüblü də deyil ki, V.Mustafazadə ifaçılar arasında, ifaçılıq yoluna yeni qədəm qoyan pianoçular arasında lirik solo pyeslərin müəllifi kimi yadda qalıb. Lirik, virtuoz pasajlar, romantizm üslubunda melos, ali romantik hisslərə qapılma bu əsərləri qəlblərə yol tapan edib.

Əslində bu kimi yanaşmalar cazın çoxcəhətli təbiətindən, onun mürəkkəb inkişaf yolundan asılı olub mütəmadi ortaya çıxır. Klassik akademik musiqi kimi, caz da öz üslublarını, mərhələlərini yaşayır, öz romantizmi və impressionizmini qazanmışdır. Lakin öz immanent qanunları əsasında. Caz öz quruluşu, melodik strukturu, bu quruluşu fərqli edən improvizə amili və digər cəhətləri ilə seçilir.

V.Mustafazadənin musiqisini, ilk növbədə, “caz kompozisiyaları” adlanan vinil albomlar əsasında diqqətlə dinləyib izləyək. Bunlar sayı 10-a çatmayan, 1970-ci illərdə yazıya alınmış 7-8 albomdur. Onlar müxtəlif musiqiçilərin iştirakı ilə, əsasən caz-trio heyətində səslənir. Sənətkarın dəstxətti sadədən mürəkkəbə doğru köklənir, fərqli caz janrlarına müraciəti isə Mustafazadənin caz musiqisi, onun müxtəlif janr və quruluşlarını gözəl qavramasını əks etdirir.

Vurğulayaq ki, bu musiqinin ifa və külli cəhətlərinin mənimsənilməsi, öyrənilməsi o zamanlar – 1960-cı illər sovet dönəmini yaşayan bir mühitdə bilavasitə dinləmə, dinləyib təkrarlama, təqlid etmə və üslublaşdırma yolu ilə baş verirdi. Caz musiqisinə seçim vermiş və ya həvəskarcasına aludə olmuş musiqiçilərin, konservatoriya tələbələri üçün bu, başlıca, bəlkə də yeganə məktəb, üsul idi. “Amerikanın səsi” radiosu vasitəsilə yayımlanan Uillis Kannoverin məşhur “Jazz Hour” (Caz saatı) verilişi caz öyrənciləri üçün bir növ vəsait, müntəxəbat olaraq çətin üsullarla ya maqnit lentləri, ya da rentgen plyonkalarına yazılır, təkrar-təkrar səsləndirilərək öyrənmə prosesinə zəmin yaradırdı. Bundan əlavə, fərqli ifaçıların – oynaq svinq, hərarətli bibop-caz, lirik kul-caz axınlarında şedevrlər yaratmış Çarli Parker, Dizzi Gillespi, Bill Evans, Con Koltreyn, Oskar Piterson, Makkoy Tayner və başqalarının ifalarını dinləyib müqayisə etmək, hər incidən bir ifa xalı və ya bir sıra klişe-üsullardan ilhamlanıb yeni, öz modelini hasil etməklə cazın özünətəhsil vasitəsilə öyrənilməsi təşkil edilirdi. İlk caz albomlarında biz onun müxtəlif janrlardan qaynaqlanmasının şahidi oluruq. “Mən və dostlarım” həzin bossanova, “76” rəvan ritmik karkas üstündə qurulmuş, “Əzizə”, “İnsan məskən salır” kinofilminə Qara Qarayevin bəstələdiyi musiqi mövzusu əsasında “İmprovizasiya” və digərləri buna misaldır.

1975-76-cı illərdə “V.Mustafazadənin “Caz kompozisiyaları” adlı vinil diski işıq üzü gördü. Burada təqdim olunan kompozisiyalarda sənətkarın yeni, çoxsaylı, öz tərzində polifonik qurulmuş bəstələri diqqətəlayiqdir. İki laya – royalın və elektroorqanın ifasında partiyalara ayrılan musiqi fakturası onlara xeyli fərqli, 1970-ci illərin caz-rok cərəyanının ruhunu gətirir, milli çalarların istifadəsinə də məxsusilik verirdi. Bu albomun bütün nömrələri – mükəmməl kompozisiya, bədahətli – yəni, səsyazma studiyasında qoyulan vaxt tələblərinə baxmayaraq bədahətliyini itirməyən improvizasiyalar, parlaq cümlələri ilə tam fərqlənir.

V.Mustafazadənin ölümündən əvvəl 1978-79-cu illərdə Moskvada yazdırdığı ikili vinil albom da bu qəbildəndir. Ətrafına Tamaz Kuraşvili (kontrabas), Nikolay Boldıryov (zərb alətləri), kiçicik vokal təravət bəxş edən həyat yoldaşı Elza Bandzeladze kimi həmkarlarını yığıb, möhtəşəm bir silsilə yaratmaq, bu silsilədə “Qara qaşın vəsməsi”, “Bağa girdim üzümə” xalq mahnılarını, anası Zivər xanımın mövzusuna “İlham”, özünün şah əsərləri olan “Ay doğarkən”, “Muğam”, “İnad”, “Riqa iyunda”, “Doğma təbiət”, “Yazda” kimi bəstələrin səslənməsi ilə əlamətdardır. Zənnimizcə, dahi sənətkarın sırf caz irsini, caz düşüncəsini tədqiq və təbliğ etmək məhz bu kimi silsilələrin əsasında aparılmalıdır.

V.Mustafazadə irsi olduqca zəngin fikirlər, incə tapıntılar, yeni cığırlar göstərməsi ilə hələ də aktualdır. V.Mustafazadə irsi – bizim musiqi mədəniyyətimizə yad, yeni olan təzahür – caz sənətinin timsalında verilmiş nemətdir. Vətənimizin, musiqimizin, doğma yurdumuzun əziz, danılmaz rəmzlərindəndir. Bu irsin dürüst, layiqli təbliğatında, dərindən öyrənilməsində ifaçılar və dinləyicilər tərəfindən müvafiq duyulub anlaşılmasında həm tədqiqatçılar, həm teleradiolar, professional ifaçılar və başqaları birləşərək, həqiqi həmrəyliklə yeni fikirlər səsləndirməli, yeni işlər, layihələr ortaya çıxarmalıdırlar.

Turan Məmmədəliyeva

Musiqişünas, sənətşünaslıq namizədi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.