CÜMHURİYYƏT - 100
Vaşinqtondakı Azərbaycan şənbə günü məktəbində AXC-nin 100 illik yubileyi qeyd edilib VİDEO
Vaşinqton, 28 may, AZƏRTAC
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan şənbə günü məktəbinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər. Respublika Gününə həsr olunan bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak ediblər.
Auditoriya qarşısında çıxış edən şagirdlər tədbir iştirakçılarını salamlayıb və bayram təbriklərini çatdırıblar. Sonra AXC-nin 100 illiyinə həsr olunmuş səhnəciklər göstərilib. Səhnəciklərin birində şagirdlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş “Əli və Nino” filmində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı olan səhnəni ifa ediblər. Bu zaman məktəbin şagirdləri AXC-yə məxsus dəyərlər və vətəndaşlara verilən hüquqlar haqqında məlumat veriblər. Bundan sonra uşaqlar enməz üçrəngli dövlət bayrağını qaldıraraq Azərbaycan himnini ifa ediblər. Tədbir zamanı məktəbin bütün şagirləri milli ruhda Azərbaycan haqqında şeirlər söyləyib, milli rəqslər nümayiş etdiriblər. Qızlardan ibarət qrup “Nəlbəki” rəqsini ifa edib.
Şagirdlərin Azərbaycana və vətənpərvərliyə aid çıxışları alqışlarla qarşılanıb. Sonda şənbə məktəbinin şagirdləri tərəfindən hazırlanmış və AXC-nin 100 illiyinə həsr olunan videoçarx göstərilib.
Qeyd edək ki, Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan Azərbaycan şənbə məktəbi ilboyu Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb etməklə milli dəyərləri aşılayır, Azərbaycan haqqında dərslər keçirilir və müxtəlif tədbirlər təşkil edir. Məktəbin könüllülük əsasında fəaliyyət göstərən müəllim heyətinin tərtib etdiyi təhsil proqramına Azərbaycan dili və ədəbiyyatı, ölkəmizin mədəniyyəti, ənənələri, coğrafiyası və tarixinə aid materiallar, habelə Azərbaycan milli rəqsləri barədə məlumat daxildir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton