CƏMİYYƏT
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında elektron vəkil orderinin tətbiqi məsələsi müzakirə edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Kəlbəcərin işğaldan azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib, Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib. İclasda, eləcə də əzmkar iradəsi, qətiyyətli mövqeyi və düzgün siyasəti nəticəsində qazanılmış böyük tarixi nailiyyət və şanlı qələbə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubunun ünvanlanması qərara alınıb.
Kollegiyanın sədri deyib: “Bu böyük zəfər sevincini bizə yaşatdığın görə rəşadətli Ordumuza minnətdarlığımızı bildirir, Vətən yolunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralanmış həmvətənlərimizə tezliklə şəfa diləyirik. Xain düşmənin işğal altındakı ərazilərimizdə törətdiyi qanunsuzluqlar, vandalizim hərəkətləri, mülki əhalimizə qarşı amansız qəsdlər hər birimizin diqqətindədir. Ölkəmizin haqq səsini dünyaya çatdırmaqda, beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımızı vəhşicəsinə pozan düşmənə hər an layiqli cavab verməkdə əlimizdən gələni əsirgəməyəcəyik”.
İclasda bəzi səbəblərə görə üzvlük haqqının ödənilməsindən azad olunma və digər müraciətlərə baxılıb, o cümlədən bu il vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsi, bəzi normativ sənədlərin qəbul edilməsi barədə qərarlar qəbul edilib.
İclasda habelə, elektron vəkil orderinin tətbiqi məsələsi müzakirə edilib və elektron vəkil orderinin tətbiqi ilə bağlı ilkin razılıqlar əldə olunub.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.