CƏMİYYƏT
Vəkillər Kollegiyası ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 12 iyul, AZƏRTAC
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqaz üzrə hüquq” layihəsinin rəhbəri Tomas Meyer Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.
Vəkillər Kollegiyası Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyanın sədri Anar Bağırov qonağa son dövrlər Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı həyata keçirilən təbirlər, Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın ölkə vəkilliyi üçün tarixi əhəmiyyəti, habelə bu Sərəncamdan irəli gələrək yaxın gələcəkdə aztəminatlı əhali qrupunun ödənişsiz hüquqi yardıma çatımlılığında müsbət dəyişikliklərin olacağı barədə məlumat verib.
Görüşdə Vəkillər Kollegiyası ilə GİZ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Gələcəkdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilə biləcək əlavə və dəyişikliklərlə bağlı Cəmiyyətin texniki dəstək göstərməsi barədə razılıq əldə olunub.
Bundan başqa, “Azərbaycan Vəkili” jurnalı və onun maliyyələşdirilməsi, o cümlədən gələn il Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər və bu tədbirlərin təşkili barədə müzakirə aparılıb. Həmçinin jurnalın GİZ-in maliyyə dəstəyi ilə nəşr edilməsi, habelə Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı tədbirlərin təşkili prosesində qarşılıqlı əməkdaşlıq məsələləri razılaşdırılıb.