DÜNYA
Venesuelada Ali məhkəmə binasına hücum zamanı istifadə olunan helikopter aşkar edilib
Bakı, 29 iyun, AZƏRTAC
Venesuelanın paytaxtı Karakasda Ali Məhkəmənin binasına hücum zamanı istifadə olunan helikopter aşkar edilib.
Bu barədə ölkənin vitse-prezidenti Tarek el-Ayssami “Venezolana de Television” telekanalının efirində bildirib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, helikopter Varqas ştatının şimalında sahilyanı ərazidə aşkarlanıb. Qaçırılan helikopteri xüsusi hərbi hazırlıq keçən və elit güc strukturlarında xidmət təcrübəsinə malik Oskar Peres adlı zabitin idarə etdiyi bildirilir. Hazırda onun və helikopter vasitəsilə hücumu həyata keçirən digər şəxslərin axtarışı davam etdirilir.
Qeyd edək ki, iyunun 27-də Venesuela Prezidenti Nikolas Maduro Ali Məhkəmə binasının helikopter hücumuna məruz qaldığını bəyan edib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə informasiya verilmir.