İQTİSADİYYAT


Vergiödəyiciləri üçün elektron sənəd siyahısı genişlənir

Bakı, 26 noyabr, AZƏRTAC

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi ilə bağlıdır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sahədə yenilikləri şərh edən iqtisadçı ekspert Mehdi Babayevin sözlərinə görə, Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dən təklif olunan dəyişikliklər qüvvəyə minərsə, vergiödəyiciləri 4 yeni formada elektron qaimə-faktura və digər sənədləri də elektron qaydada tərtib edəcəklər. Bu formalara elektron əmtəə-nəqliyyat qaiməsi (malsatanlardan, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mal alanlar, malgöndərənlər, ümumiyyətlə daşınan yükün sahibləri-yükgöndərənlər), yük avtonəqliyyatı üçün elektron yol vərəqi (nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya onu istifadə edənlər), aksizli malların (neft məhsulları istisna olmaqla) elektron təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (aksizli malların istehsalçısı və aksizli mal idxal edənlər) və ixrac qeydi ilə satış elektron qaimə-fakturası (malları ixrac qeydi ilə satanlar) aiddir.

Ekspert bildirib ki, vergiödəyiciləri malsatanlardan, həmçinin vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların alınaraq avtomobil nəqliyyatı vasitəsilə alıcının obyektinə, aidiyyəti topdan satışı ilə məşğul olan ticarət obyektlərinə, bazarlara daşınması və ya gətirilməsi üçün elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib edəcəklər: “Əslində hazırki rəsmi Qaydalara görə əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Başqa cür desək, əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədikdə, yükgöndərən yükü daşımaya təqdim etməməli, daşıyıcı isə onu qəbul etməməlidir. Lakin bu sənəd kağız daşıyıcısında tərtib olunduğuna görə vergi orqanının nəzarətindən kənarda qala bilirdi. Qaimə-faktura və yol vərəqəsinin elektron qaydada tərtib edilməsi o deməkdir ki, real vaxt rejimində vergi orqanı artıq nəqliyyat vasitəsinin nə iş gördüyünü, nə qədər yanacaq sərf etdiyini, kimin (haranın) malının kimə (hara) daşındığını biləcək”.

Bütün bu əlavə olunan elektron qaimə-fakturaların və digər sənədlərin vaxtında tərtib olunması mühasiblərin məsuliyyətində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.