CƏMİYYƏT


Vətən müharibəsi iştirakçısı: Xalqımızın dəstəyi döyüş meydanında bizi daha da ruhlandırırdı

Bakı, 27 sentyabr, AZƏRTAC

On səkkiz ildən çoxdur Azərbaycan Silahlı Qüvvələrində xidmət edirəm. Qırx dörd günlük Vətən müharibəsində dəniz sualtı bölməsi olaraq hamımız, bütün Ordumuzun mənsubları kimi iştirak etmişdik. Bölməmiz Füzuli, Cəbrayıl və Qubadlının azad olmasında birbaşa iştirak etmişdi. Qubadlıdan sonra biz yenidən qruplaşaraq Xocavənd istiqamətində döyüşlərə atıldıq.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bölmələrinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli kapitan Rasim Ələkbərov bildirib.

İkinci Qarabağ müharibəsinin 42-ci günündə ağır yaralandığını və noyabrın 7-dən sonra yaralı olaraq təxliyə olunduğunu qeyd edən kapitan deyib: “Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının dediyi kimi, biz əsgər və zabitlər döyüş meydanında olsaq da, xalqımızın həmrəyliyini və dəstəyini hər zaman hiss edirdik. Bu dəstək bizi döyüş meydanında düşmənə qarşı vuruşmağa daha da ruhlandırırdı. Biz məktəblərdən gələn sevimli balalarımızın göndərdiyi məktublardan da hiss edirdik ki, xalq bizə dayaqdır. Xalqın sevgisi bizi daha da irəliləməyə və torpaqlarımızı düşməndən azad etməyə sövq etdi. Əfsuslar olsun ki, heç bir müharibə şəhidsiz, yaralısız olmur. Bizim də dəniz sualtı bölməsindən şəhid düşən döyüş yoldaşlarımız oldu”.

Rasim Ələkbərov söyləyib ki, Vətən müharibəsi ordu quruculuğumuzun düzgün istiqamətdə aparıldığını göstərdi. “Ancaq düşmən yenə də öz məğlubiyyəti ilə barışmaq istəmir və yenidən müəyyən təxribatlar törətməkdə davam edir. Amma biz Qələbədən sonra da öz üzərimizdə daim çalışır və təkmilləşirik. Çünki biz həm “Qisas” əməliyyatında, həm də sentyabrın 12-dən 13-nə keçən gecə törədilən təxribat zamanı gördük ki, düşmən öz məğlubiyyəti ilə barışmaq istəmir. Ona görə də düşmənin təxribatının qarşısını almaq üçün həmişə hazır olmalıyıq”, - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.