SİYASƏT


Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi

Bakı, 15 noyabr, AZƏRTAC

“Sorosun siyasi layihəsi” olan Nikol Paşinyanın Ermənistanda 2 il içində qurduğu diktatura rejiminin demokratikliyi ilə bağlı yaradılan mif aradan götürüldü. “Demokrat rəhbər” Ermənistanı fəlakətə məhkum etməkdə onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiq göstərir və təhdid edir. Əlbəttə, müxalifətli-iqtidarlı Ermənistan ictimai-siyasi sistemi hələlik normal qonşuluq, birgəyaşayış kimi mənəvi dəyərlərdən çox uzaqdır, lakin mövzumuz bu deyil. Mövzu odur ki, Qərb siyasi dairələri uzun müddət - 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” kimi təqdim edirdi. Budur, inqilabın üstündən az keçmiş Azərbaycan tərəfinə məlum olan həqiqət artıq bütün parametrlər üzrə meydana çıxmaqdadır. Biz haqlı olaraq deyirdik ki, demokratiya ilə işğalçılığı möhkəmləndirmək bir-biri ilə uzlaşmır. Biz daha sonra deyirdik ki, Paşinyan öz diktator sələflərindən fərqlənmir. Amma necə deyərlər, özümüz deyib, özümüz eşidirdik. Budur, indi işğalçı təfəkkürlü “guya demokrat” Paşinyanın əsl sifəti təkzibedilməz şəkildə ortadadır və Qərb siyasi dairələri, dünya erməniliyi məsələni nə etiraf, nə də ört-basdır edə bilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Deputat diqqətə çatdırıb ki, ötən həftə Azərbaycanın tarixinə Zəfər həftəsi kimi yazıldı. Bu zəfər Azərbaycan xalqının mənliyini, qürurunu özünə qaytardı. Xalqımız əllərində bayraqlarla küçələrə axışaraq Böyük Qələbəmizi bayram etdi. “Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı bütün ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. Dövlətimizin başçısı dünyanın 30-dan artıq nüfuzlu KİV-inə verdiyi müsahibələrində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi”, - deyən Qənirə Paşayeva bildirib ki, Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad olunması, bunun ardınca isə noyabrın 10-da Ermənistanın ağ bayraq qaldıraraq, tam kapitulyasiyası, dekabrın 1-dək Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz, deməli, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə Zəfər həftəsi kimi həkk olundu.

Deputat, həmçinin vurğulayıb: “Bu gün Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq tarixi torpaqlarını qaytarmağa nail oldu. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Biz azərbaycanlı olmağımızla fəxr edirik. Dövlətimiz var olsun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.