REGİONLAR
Vətən müharibəsində hər iki gözünü itirən qazi doğulduğu Cəlilabadda böyük coşqu ilə qarşılanıb
Cəlilabad, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Rəşadətli Azərbaycan Ordusunun hərbçiləri Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə əsl qəhrəmanlıq, mərdlik, şücaət nümunəsi göstərərək düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə keçərək düşməni darmadağın etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilərimiz müalicə olunduqdan sonra evlərinə qayıdırlar. Onlardan biri də Cəlilabad şəhər sakini qazi İsmayıl Hüseynovdur.
Rayon sakinləri igid döyüşçünün yaxınları Vətən müharibəsində iki gözünü itirmiş cəlilabadlı qazini böyük sevinc və çoşqu ilə qarşılayıblar.
Bu münasibətlə Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimin iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının abidəsi önünə gül dəstələri düzərək onların xatirəsini ehtiramla yad ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qazandığı uğurlardan, qəhrəmanlıqdan danışıblar. Qeyd olunub ki, yüksək hazırlıqlı, ən müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan Ordusu istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək gücdə olduğunu düşmənə və bütün dünyaya göstərdi, sarsılmaz qələbə əzmi və peşəkarlıq göstərərək düşməni tarixi torpaqlarımızdan qovdu.
Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Qırx dörd gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində yaratdığı ordunu darmadağın etdi. Düşmənə hərbi texnika və canlı qüvvə sarıdan ciddi zərbə vuruldu.
Diqqətə çatdırılıb ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları üçtərəfli bəyanat Vətən müharibəsində Azərbaycanın böyük qələbəsini rəsmiləşdirdi. Bu bəyanat, eyni zamanda, Ermənistanın kapitulyasiya aktıdır. Ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistan qeyd-şərtsiz təslim oldu.
Qeyd edək ki, qazi İsmayıl Hüseynov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə könüllü qatılıb və oktyabrın 20-də ağır yaralanıb.