DÜNYA


“Virgin Australia” pandemiya səbəbindən 2,4 milyard dollar itirib

Bakı, 4 may, AZƏRTAC

Avstraliyanın “Virgin Australia” aviakompaniyası 2019-cu il iyunun 30-dan 2020-ci il iyulun 1-dək 2,4 milyard dollar zərərə uğrayıb.

AZƏRTAC “The Australian” nəşrinə istinadla xəbər verir ki, bu barədə aviasiya daşıyıcısının Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda deyilir.

Sənədə əsasən, 2019-2020-ci maliyyə ili ərzində aviakompaniyanın gəlirləri 22 faiz – 1,3 milyard Avstraliya dollarına (1 milyard ABŞ dolları) qədər azalıb, lakin aktivlərin amortizasiyası səbəbindən xərclər təxminən eyni miqdarda artıb. Həmin dövr ərzində Avstraliya federal hökumətinin aviakompaniyaya ödədiyi subsidiyaların həcmi isə 165,8 milyon Avstraliya dolları (128,8 milyon ABŞ dolları) təşkil edib.

“Virgin Australia” aviakompaniyası COVID-19 pandemiyası səbəbindən Avstraliya sərhədlərinin bağlanmasını, həmçinin beynəlxalq və daxili uçuşların 95,8 faiz ixtisar olunmasını maliyyə göstəricilərinin azalmasına təsir göstərən əsas amillər sırasına aid edib. Eyni zamanda, hökumətin tətbiq etdiyi məhdudiyyətlər təxminən 3 min iş yerinin ixtisarına səbəb olub və daha 6 min iş yerinin ləğvi təhlükəsi yaranıb.

Qeyd edək ki, “Virgin Group” kompaniyasının Avstraliya bölməsi 2019-cu ilə qədər milli aviasiya nəqliyyatı bazarında liderlər üçlüyünə daxil idi. Şirkətdə təxminən 10 min nəfər çalışır, təyyarələrinin sayı isə 144-ə çatırdı. Hazırda 6 min nəfərin çalışdığı kompaniyanın aviasiya parkında qalan 58 təyyarədən 10-u yaxın zamanlarda icarəyə veriləcək.

Pandemiya nəticəsində böhran vəziyyətinə düşən Avstraliyanın ikinci ən böyük aviasiya daşıyıcısı “Virgin Australia” 2020-ci ilin aprelində “Deloitte” konsaltinq kompaniyasının xarici idarəsinə təhvil verilib, iki ay sonra isə ABŞ-ın “Bain Capital” investisiya şirkətinə satılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.