DÜNYA
Volqoqradda trolleybus partladılmış, 10 nəfər həlak olmuşdur VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). Bazar ertəsi, dekabrın 30-da Volqoqradda daha bir terror aktı törədilmişdir. Bu dəfə cinayətkarlar içərisində sərnişinlər olan trolleybusu partlatmışlar.
Kaçinski bazarının yaxınlığında silahlıların hücumları nəticəsində 10 nəfər öldürülmüş, daha 10 nəfər yaralanmışdır.
Bütün operativ xidmətlər fövqəladə hadisə yerinə yola düşmüşlər.
Bu, Volqoqradda törədilmiş üçüncü terror aktıdır. Birinci hadisə oktyabrın 21-də Naidə Asiyalova ad-soyadlı intiharçı qadın tərəfindən avtobusda törədilmişdi. O vaxt 6 nəfər həlak olmuşdu. Dekabrın 29-da yerli dəmiryol vağzalında ikinci terror aktı baş vermişdir. Bu hadisədə 17 nəfər həlak olmuş, 40-dan çox adam yaralanmışdır.
Tatarıstan müftisi Kamil Samiqullin terrorçuların əli ilə qətlə yetirilmiş insanların doğmalarına və yaxınlarına başsağlığı vermişdir.
“Bu hadisəni törədənlərin dini-imanı yoxdur, çünki heç bir din heç bir təqsiri olmayan insanları öldürməyə çağırmır”, - deyən K.Samiqullin vurğulamışdır ki, başqa insanları həyatdan məhrum etməyə heç kəsin haqqı yoxdur.