CƏMİYYƏT
Vüqar Əliyev: Gənclərimiz Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyurlar
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin məqsədi milli-mənəvi dəyərlərimiz əsasında mübariz ruhlu gənc nəslin yetişdirilməsidir. Ulu Öndər gənclərimizi müasir dünyanın çağırışlarına cavab verən, hərtərəfli inkişaf etmiş, yüksək dünyagörüşünə, intellektə, mədəniyyətə, qabaqcıl ideyalara sahib şəxslər kimi görmək istəyirdi. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində bu gün ölkəmizdə avanqard qüvvəyə çevrilən gənclərimizin sorağı dünyanın ən yüksək tribunalarından gəlir.
Bu sözləri ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dahi rəhbərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gələn Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Müdrik dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinin gənclər üçün örnək olduğunu vurğulayan V.Əliyev bildirib ki, gələcəyimizin təminatçısı olan gənc nəsil bu gün dünyanın sürətlə inkişaf etməkdə olan ölkələrindən biri kimi tanınmış Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər: “Müstəqillik illərində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən biri kimi tanınır. Gənclərimiz dahi rəhbər Heydər Əliyevin memarı və qurucusu olduğu qüdrətli, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirirlər. Azərbaycan gəncləri ümummilli liderimiz Heydər Əliyevin xatirəsini daim dərin hörmət və ehtiramla yad edəcəklər”.