MƏDƏNİYYƏT
Vyanada dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə muğam axşamı keçirilib VİDEO
Vyana, 24 noyabr, AZƏRTAC
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
Dövlət müstəqilliyinin tarixindən bəhs edən Mərkəzin rəhbəri Leyla Qasımova 25 illik dövr ərzində Azərbaycanın böyük uğurlara imza atdığını, regionda güclü dövlətə çevrildiyini qeyd edib. Uğurlu daxili və xarici siyasət aparan Azərbaycanın möhkəm dövlətçilik ənənələrinə malik olduğu vurğulanıb.
Sonra tədbir iştirakçılarına muğam ifaçıları təqdim edilib. Bu il 60 illik yubileyi qeyd edilən Xalq Artisti Səkinə İsmayılova həm vətənində, həm də xaricdə sevilən muğam ifaçılarından biridir. Bu tədbirin öz tələbələri ilə səhnəyə çıxan S. İsmayılovanın Vyanada həm də yaradıcılıq gecəsi olduğu bildirilib.
Konsertdə, həmçinin muğam ifaçıları Murad Kəngərli və Tamara Muradova çıxış ediblər. Onları tarda Ramin Rzayev, kamançada Əməkdar Artist Fəridə Məlikova və nağarada Ruhulla Dadaşov müşayiət ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana