SİYASƏT
Vyetnamın Dövlət Xəbərlər Agentliyinin saytında Azərbaycan səfirinin məqaləsi yerləşdirilib
Pekin, 31 may, AZƏRTAC
Vyetnam Dövlət Xəbərlər Agentliyinin (VNA) saytında Azərbaycan səfiri Anar İmanovun Xalq Cümhuriyyətinə həsr olunmuş məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, habelə tariximizdəki rolu, Ermənistanın ölkəmizə qarşı təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyon həmvətənimizin yurd-yuvasından qovulmasından bəhs edilib.
Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri uzun illər ərzində kağız üzərində qalıb. Ötən ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz ərazilərini azad edib.
Məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş barbarlıq, o cümlədən şəhər və kəndlərin, habelə mədəni, dini və tarixi abidələrin dağıdılması barədə məlumat verilib. Habelə həmin ərazilərdə Ermənistan ordusu tərəfindən çox sayda minanın yerləşdirildiyi və müharibənin bitməsinə baxmayaraq, minalanmış ərazilərin xəritələrinin bu günədək Azərbaycan tərəfinə təqdim olunmadığı vurğulanıb.
Yazıda ölkəmizin azad olunmuş ərazilərinin bərpası ilə bağlı planlaşdırılan işlər barədə məlumat verilib, Azərbaycan-Vyetnam münasibətlərinə toxunulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin