CƏMİYYƏT
“WorldFood Azerbaijan” sərgisinin yubileyi münasibətilə badam və nar ağacları əkilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” sərgisinin 25 illik yubileyi münasibətilə badam və nar ağacları əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, eləcə də sərginin iştirakçısı və təşkilatçılarının iştirakı ilə baş tutub.
“Caspian Event Organizers” şirkətinin nümayəndəsi Svetlana Hacıyeva bildirib ki, qədim vaxtlardan badam ağacı təmizlik, çiçəklənmə və məhsuldarlıq rəmzi hesab edilir. Nar isə Azərbaycanın ayrılmaz atributu, canlanan həyat və təbiət simvolu, eləcə də “WorldFood Azerbaijan” sərgisinin yeni imicinin tərkib hissəsidir: “Yalnız sərginin yubileyi qeyd olunan illərdə biz ağac əkirik. Beş il öncə biz pambıq tingləri əkmişdik. Bu il isə badam və nar ağacı. Mərkəzi Nəbatat bağının ərazisində ümumilikdə 20-dək ağac əkildi”.
Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan çox ölkəni təmsil edən 2137 şirkəti bir araya gətirib.
Keçirildiyi illər ərzində sərgi qida və əlaqədar sektorlar üçün avadanlıq, mal və xidmətlərin nümayiş olunduğu, eləcə də müştəri axtarışı və yeni bazarlara çıxış, habelə biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirilməsi üçün etibarlı platforma olduğunu sübut edib. Bu gün sərgi regionda qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribüterləri və ixracatçılarının yeganə, unikal görüş yeridir.
Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyi ilə keçirilir. “WorldFood Azerbaijan 2019” sərgisi mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.