RƏSMİ XRONİKA
XII YAY PARALİMPİYA OYUNLARININ CÜDO ÜZRƏ QIZIL MÜKAFATÇISI İLHAM ZƏKİYEVİN ÇIXIŞI
Bütün paralimpiyaçılar adından Sizə təşəkkürümü bildirirəm. Verdiyiniz mükafata görə çox sağ olun. Gənclərə bu gün göstərilən qayğı millətin gələcəyinə qayğı deməkdir. Bu gün gənclərə qayğıdan danışanda cənab İlham Əliyev yada düşür. Çünki onun gördüyü işlər göz qabağındadır. Çünki idmanımız günbəgün yüksəlir. Parlaq qələbələr bizim idman ictimaiyyətini, millətimizi sevindirir.
İlham müəllim, mən Qarabağ uğrunda döyüşlərdə iki gözümü itirmişəm. 2002-ci ildə Sizin köməyinizlə, Əbülfəz müəllimin köməyi ilə Moskva şəhərində oldum. Orada müayinədən keçəndə mənə dedilər ki, Amerikanın Merilend ştatındakı klinikada mənim müalicəm var. Xahiş edirəm, ən böyük nemət olan gözümün nurunun qaytarılmasına kömək edəsiniz. Sağ olun.
İLHAM ƏLİYEV: Sağ olun. Biz bu məsələ ilə məşğul olarıq. Mən tapşırıram, məlumat verin ki, hansı klinikada və nə cür müalicə lazımdır, biz İlhamı oraya göndərək. Onun yanına bir adam da qoşaq ki, orada həm müayinədən keçsin, həm də müalicə olunsun.
Narahat olma, mən bu məsələni şəxsi nəzarətimdə saxlayacağam. Gələn Olimpiya Oyunlarında iştirak etməsən belə, əgər bu müalicə olunan bir xəstəlikdirsə, mütləq biz bunu müalicə edəcəyik. Buna görə də mən lazımi göstərişləri verəcəyəm və vəsait də ayıracağam.
İLHAM ZƏKİYEV: Cənab Prezident, çox sağ olun.