İQTİSADİYYAT
XIV Beynəlxalq Peşə Ustalığı yarışlarında “Azərişıq” və “Azərenerji”nin əməkdaşları üçüncü yerə layiq görülüblər
Bakı, 25 oktyabr, AZƏRTAC
Qazaxıstanın Kızılorda şəhərində keçirilmiş MDB ölkələri üzrə 10/0,4 kilovat (kV) paylayıcı şəbəkə personalı arasında XIV Beynəlxalq Peşə Ustalığı yarışlarında “Azərenerji” ASC və “Azərişıq” ASC-nin istismar sahəsi üzrə əməkdaşları üçüncü yerə layiq görülüb.
AZƏRTAC “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, 15 ildən çoxdur MDB ölkələri Elektroenergetika Şurası tərəfindən keçirilən yarışlarda ümumilikdə 8 ölkədən komandalar iştirak edib.
Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Özbəkistan və Belarus nümayəndələri 7 müxtəlif mərhələlər üzrə yarışıblar. Azərbaycan komandası bütün nominasiyalarda ilk dəfə bu növ yarışlarda iştirak etməsinə baxmayaraq 3-cü, müxtəlif nominasiyalarda Rusiya komandası 1-ci və 2-ci yerlərə, bütün nominasiyalar üzrə Qazaxıstan komandası isə birinci yerə layiq görülüb.