İDMAN
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə dörd güləşçimiz yarımfinala vəsiqə qazanıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının ikinci günündə pəhləvanlar 7 çəki dərəcəsində (4 oğlan, 3 qız) mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq) Rusiya yığmasının üzvü Maqomedamin Bekbulatov ilə qarşılaşmada qələbəni son saniyədə əldən verib - 6:6*. Onun komanda yoldaşı Sabir Cəfərov (60 kq) ilk mərhələdə macar rəqibi Marsel Deliyə vaxtından əvvəl qalib gəlib – 10:0. Daha sonra belaruslu Anatoli Hramikə 12:1 hesabı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb.
Yunan-Roma güləşi yarışında Qurban Qurbanov (48 kq) debütdə Polşadan olan həmkarı Kasper Karaskieviçə tam üstünlüklə qalib gəlib – 8:0. O, daha sonra türkiyəli Eren Çakırı 10:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Həsrət Cəfərov (60 kq) litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib - 12:0.
Qadın güləşçimiz Gültəkin Şirinova (46 kq) finlandiyalı rəqibi Yutta Ala-Rantanı 7:4, belaruslu Pertsava Tatisiananı 6:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.
Mərziyə Sadıqova (61 kq) ilk görüşdə Ukrayna idmançısı Manola Skobelskadan üstün olub – 6:3. Daha sonra rusiyalı Alina Kasabieva ilə görüşdə də üstün olan (*1:1) idmançımız yarımfinala yüksəlib.
Yarışlar davam edir.