REGİONLAR
Xaçmazda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunur
Xaçmaz, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 27 sentyabr - Anım Günü ərəfəsində Mürşüdoba, Çiləgir, Nərəcan, Qusarçay və Dədəli kəndlərindən olan şəhid ailələri ilə görüşlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarlarını ziyarət ediblər.
Görüşdə bildirilib ki, dövlətimiz Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbi qulluqçularımızın ailələrini daim diqqət mərkəzində saxlayır.
Elnur Rzayev 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışaraq, döyüşlər zamanı Xaçmaz rayonundan olan mərd oğulların böyük şücaət göstərdiyini bildirib. 27 sentyabr tarixini Zəfərin başlanğıcı kimi səciyyələndirən E.Rzayev tarixi Qələbədə pay sahibi olan bütün şəhidlərin daim yad olunacağını və şəhid ailələri ilə görüşlərin mütəmadi təşkil ediləcəyini vurğulayıb.
Rayon rəhbərliyi Qusarçay kəndində olan zaman Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan Vüsal Şahkərimovla da görüşüb. Şahkərimovla səmimi söhbət zamanı 44 günlük Zəfər tariximiz bir daha yada salınıb, “Topçu Vüsal” və onun döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib.
Şəhid ailələri və Qarabağ qaziləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.