REGİONLAR
Xaçmazda Çiləgir-Mançaroba yolunun asfaltlanmasına başlanılıb VİDEO
Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 2 min nəfərdən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5,5 kilometr uzunluğundakı yolun yenidən qurulması Çiləgir, Mançaroba və Sabiroba kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı.
Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 saylı Yol İstismar İdarəsi tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilib, yol yatağı salınıb.
Hazırda asfaltlanma işləri Mançaroba kəndi ərazisində aparılır.
Yol İstismar İdarəsinin rəisi Orduxan Həsənəliyev bildirib ki, yola 12 santimetr qalınlığında asfalt örtüyü döşənir. Yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metrdir.
Başlanğıcını respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çiləgir-Mançaroba yolunun təmiri iyun ayının sonuna kimi başa çatdırılacaq. Yolun yenidən qurulması bağçılıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin məhsullarının daşınması üçün də böyük əhəmiyyət daşıyır.