REGİONLAR
Xaçmazda baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB VİDEO
Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 15-i gecə saatlarında Xaçmazda 1 nəfərin ölümü və 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz-Quba yolunun rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində 40-BP-359 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil qarşıdan gələn 03-BJ-761 nömrəli “VAZ 2107” markalı nəqliyyat vasitəsilə toqquşub.
Qəza nəticəsində xəsarət alan 6 nəfər dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.
Digər yaralılar Quba rayonu Ağbil kənd sakinləri 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov, 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərov və rayonun Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.
Xəsarətləri yüngül olan 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Xəzər Ələkbərov isə müalicəsini xəstəxanada davam etdirir.
Faktla bağlı araşdırma aparılır.