REGİONLAR
Xaçmazın 500-ə yaxın abonenti olan Hacıəlibəy kəndi qazlaşdırılıb VİDEO
Xaçmaz, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Hacıəlibəy kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 473 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 21 min 736 metr olan metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Dekabrın 24-də kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər haqqında məlumat veriblər.
Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
“Azəriqaz” İB-nin nümayəndələri kənddəki evlərdə olub, abonentləri qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.