REGİONLAR
Xaçmazlı atletlər IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş yarışın qalibi olub VİDEO
Xaçmaz, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş atletika üzrə yarışların qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 12-14 yaşlı oğlan və qızlar medallar uğrunda mübarizə aparıb. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komandanın tərkibində 60 idmançı qatılıb.
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların əsas məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
Atletlər top atma, uzununa tullanma, 60, 300 və 500 metr məsafəyə qaçış üzrə yarışıblar. Yekun nəticələrə əsasən, Xaçmaz atletləri komanda hesabında birinci yerə layiq görülüb. Xızı ikinci, Sumqayıt komandası isə üçüncü olub.
Şəxsi yarışlarda və komanda hesabında ilk üç yeri tutan atletlər diplom, medal və hədiyyələrlə təltif edilib.
Yarışlar 11 idman növü üzrə iki mərhələ olmaqla, altı zonada keçirilir. Kütləvi idman tədbirlərinə altı mindən çox şagirdin qatılması gözlənilir.