MƏDƏNİYYƏT
Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının kəsim mərasimi keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu xalça 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalçanın tam replikasıdır.
Xalçada ara sahənin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki göl elementi verilib. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir.