MƏDƏNİYYƏT
Xalça Muzeyində "Mənim dünyam" adlı sərgi-yarmarka keçirilir VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Xalça Muzeyində "İstedadlı Əlillər" İctimai Birliyinin "Mənim dünyam" adlı sərgi-yarmarkanın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Röya Tağıyeva çıxış edərək belə sərgilərə həmişə dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, Xalça Muzeyi məhdud imkanlı insanların cəmiyyətə inteqrasiyasına, onların sosial rifahının güclənməsinə maddi və mənəvi dəstəyini göstərmək üçün "İstedadlı Əlillər" İctimai Birliyi ilə ikinci dəfədir belə bir sərgi təşkil edir.
Mərasimdə incəsənət ustalarının və istedadlı əlillərin ifasında konsert proqramı təqdim olunub.
Sonra Azərbaycan Xalça Muzeyi tərəfindən məhdud imkanlı iştirakçılar diplom və fəxri fərmanla təltif edilib.
Daha sonra sərgiyə baxış olub. Üç gün davam edəcək satış-sərgidə ümumilikdə 25 müəllifin 300-dək yaradıcılıq işləri – taxtadan oymalar, xovlu-xovsuz xalçalar, toxumalar, yağlı boya ilə işlənən rəsmlər və digər nümunələr sərgilənir.