MƏDƏNİYYƏT
Xalq artisti Tofiq İsmayılovun məzarı ziyarət olunub
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da milli kino sənətinin inkişafında xidmətləri olan tanınmış kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə Yasamal qəbiristanlığında məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, anım mərasimində kino ictimaiyyətinin nümayəndələri, mərhumun yaxınları iştirak edib.
Mərasimdə çıxış edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov rejissorun milli kino sənətimizin inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.
Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov çıxış edərək Tofiq İsmayılovun yaradıcılıq yolundan danışıb. Bildirib ki, mərhum rejissor Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Tofiq Quliyev, Müslüm Maqomayev və digər tanınmış mədəniyyət və incəsənət xadimlərinin ömür yoluna həsr olunan sənədli və bədii-sənədli ekran əsərləri çəkib. O, “Türk xalqlarının kino tarixi” üçcildlik tədqiqat əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Ədəbi yaradıcılıqla da məşğul olan kino xadimi uşaqlar üçün pyeslər, hekayələr yazıb. Əsərləri xarici dillərdə də nəşr olunub.
Ailəsi adından çıxış edən rejissorun qaynı İlham Zeynalov sənətkarın xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. “Mən mahnı qoşuram”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib. 1971-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.
Tofiq İsmayılov 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Ömrünü sənətə həsr edən kinorejissor 2016-cı il martın 25-də vəfat edib.