CƏMİYYƏT


Xaricdə təhsil almış gənclər tərəfindən Azərbaycan Tələbə və Məzunlar Platforması yaradılır

Bakı, 24 iyun, AZƏRTAC

Xarici ölkələrdə təhsilini başa vuraraq ölkəmizə qayıtmış və hazırda müxtəlif sahələrdə çalışan bir qrup fəal gənc yeni ictimai təşkilatın – Azərbaycanlı Tələbə və Məzunlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirəcək təşkilatın əsas məqsədi məzunların şəxsi təcrübələrinə əsaslanaraq, təhsil dövründə tələbələrin qarşılaşa biləcəkləri müxtəlif çətinliklərin həllində onlara yardımçı olmaqdır. Eyni zamanda, xaricdə təhsil alan tələbələr barədə dolğun məlumat bazası yaratmaq niyyətində olan təşkilat müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi üzrə xaricdəki tələbələr üçün əsas informasiya portalı rolunu oynayacaq.

Tələbələr arasında şəbəkələşmənin təmin edilməsi, gənc kadrların karyera inkişafının dəstəklənməsi, ali təhsilini başa vurub ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi, həmçinin Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması da təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycanlı Tələbə və Məzunlar Platforması hazırda xaricdə təhsilini davam etdirən və artıq məzun olan, həmçinin xarici universitetlərdə təhsil almaq istəyən bütün gəncləri platformaya qoşulmağa, onun fəaliyyətindən yararlanmağa və bu fəaliyyətə töhfə verməyə dəvət edir.

Platformanın fəaliyyəti ilə maraqlanan tələbə və məzunlar onun yeni yaranmış sosial şəbəkə hesablarında (Azerbaijani Students and Alumni Platform) bütün xəbər və elanlarla daha yaxından tanış ola bilərlər: fb.me/asaplatform2020 və @asaplatform.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.