CƏMİYYƏT
Xarici mütəxəssislər Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları üçün treninq keçəcəklər
Bakı, 12 iyun, AZƏRTAC
Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr davam etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Amerika və Ukraynadan olan tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycan tərəfdən RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak edib.
İclasda layihə çərçivəsində görülmüş və görüləcək işlər haqqında müzakirələr aparılıb. Qeyd edilib ki, yeni cihazların iş prinsipi ilə bağlı mərkəz əməkdaşları üçün treninqlər təşkil ediləcək. Həmçinin cihazlar test edildikdən sonra quraşdırılacaq. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran bir sıra suallara da aydınlıq gətirilib.