İQTİSADİYYAT
Xarici şirkətlər Sumqayıt Kimya Sənaye Parkına maraq göstərirlər
Bakı, 10 avqust, AZƏRTAC
Qərargahı Birləşmiş Ərəb Əmirliyində yerləşən “SYSCON” və Çinin “Chonqging International Association” şirkətlərinin nümayəndələri ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində görüş keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov qonaqlara Sumqayıt Kimya Sənaye Parkının infrastrukturu, parkda investorlar üçün yaradılmış əlverişli imkanlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, parkda rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Bu da sahibkarlara daha operativ və rahat xidmətin təşkilini təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azaddır.
Qonaqlara Sənaye Parkının gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Hər iki şirkət Sumqayıt Kimya Sənaye Parkında istehsalat müəssisələrinin qurulmasına maraq göstərib.
Qeyd edək ki, “SYSCON” şirkəti MDB, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələrinə dünya brendli məişət avadanlıqlarının distribyutorluğunu həyata keçirir. “Chonqging International Association” şirkəti isə kimya və neft-kimya aralıq məhsullarının istehsalı, o cümlədən etilen, PTO, asitat, asetilen üzrə ixtisaslaşıb.