REGİONLAR
“Xəmsə” milli oyununun zona mərhələsində Balakən və Qəbələ rayonlarının komandaları qalib gəliblər
Qax, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının noyabrın 10-da Qax şəhərində keçirilən zona mərhələsinin yarışlarına yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şəhərdəki 4 saylı tam orta məktəbdə təşkil edilən yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını təmsil edən 16 komanda mübarizə aparıb. Yekun nəticələrə əsasən, Balakən rayonunun “Qubek”, Qəbələ rayonunun “Şahdağ” və “Qəbələ” komandaları ilk üç yeri tutaraq, çempionatın final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.