MƏDƏNİYYƏT
Xətai Sənət Mərkəzinin qarşısında uşaqlar üçün plener keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün plener keçirilib.
AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzinin qarşısında reallaşan plenerə “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən 10 uşaq dəvət olunub.
Uşaqlar açıq havada milli musiqi sədaları altında öz qabiliyyətlərini nümayiş etdiriblər.
Tədbirdə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli, Xalq rəssamı Arif Hüseynov belə tədbirlərin müasir gəncliyin formalaşmasındakı rolundan danışıblar.
Sonra uşaqların sertifikatlarla təltifolunma mərasimi təşkil edilib.
Xatırladaq ki, plenerlərin keçirilməsində məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.