İQTİSADİYYAT
“Xəzər İnşaat Həftəsi”ndə 10-dan çox şirkətə investisiya təşviqi sənədi verilib
Bakı, 18 oktyabr, Sevda Cəfərova, AZƏRTAC
Bakıda keçirilən “Xəzər İnşaat Həftəsi”ndə 10-dan çox şirkətə investisiya təşviqi sənədi verilib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Xəzər İnşaat Həftəsi” çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini vurğulayıb ki, ölkə başçısı Azərbaycanda qeyri-neft sənayesinin şaxələndirilməsinin və həm ənənəvi, həm yeni sənaye sahələrinin inkişaf etdirilməsinə olduqca böyük diqqət verir. Bununla əlaqədar Prezident İlham Əliyev öz proqram çıxışlarının birində xüsusi qeyd edib ki, bu gün Azərbaycanda böyük bir sənaye sahəsi - tikinti materialları istehsalı sənayesi qurulub.
Bu sənaye sahəsinin qurulması Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın, strateji infrastruktur layihələrinin, vüsət almış tikinti-quruculuq və abadlıq işlərinin nəticəsi olub.
Bu gün Azərbaycanda tikinti sənayesi materialları sahəsində artıq ölkənin tələbatını ödəyəcək sənaye potensialı yaradılıb. Bir çox tikinti materialları üzrə ölkəmiz öz tələbatını ödəyir. Biz özünütəminat səviyyəsinə nail olmuşuq. Digər tikinti materialları üzrə bu səviyyə çox yüksəkdir və yaxın zamanlarda həmin tikinti materialları üzrə də biz öz tələbatımızı ödəyəcəyik.
Eyni zamanda, bu sahə innovativ, yeni texnologiyaların tətbiqi istiqamətində də çox böyük diqqət cəlb edən bir sahədir. Son illərdə tikinti materiallarının istehsalı sahəsində qurulmuş müəssisələr rəqabətqabiliyyətli məhsul istehsal edirlər.
“Biz müşahidə etdik ki, sərgidə iştirak edən Azərbaycan şirkətləri artıq bir çox ölkələrə öz məsullarını ixrac edirlər və bununla da ölkənin ixrac potensialını gücləndirirlər. Hesab edirəm ki, bu sərgidə bir çox ölkədən gələn xarici şirkətlərin təmsil olunması onu göstərir ki, Azərbaycanda yaradılmış iqtisadi potensiala çox böyük diqqət var, Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa, birgə müəssisələrin yaradılmasına böyük maraq var. Dörd ölkənin - Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran və Polşanın bu sərgidə milli stendlərinin də, pavilyonlarının da nümayiş etdirilməsi bir daha onu göstərir ki, ildən-ilə Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrə böyük maraq var”, - deyə N.Səfərov bildirib.