CƏMİYYƏT
Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurası onlayn fəaliyyətini davam etdirir
Bakı, 22 iyun, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi onlayn formada davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihənin davamlılığını təmin etmək, üzvlərin hər birinin şəxsi və peşəkar inkişafı məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasından olan 20 iştirakçı üçün mütəmadi olaraq təlimlər, vebinarlar, şuradaxili görüşlər keçirilir. Məşvərət Şurasi üzvləri üçün aprelin 18-dən etibarən 6 müxtəlif mövzuda təlimlər keçirilib. Bundan əlavə, Məşvərət Şurası üzvləri UNICEF Azərbaycanın və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən vebinarlarda iştirak edirlər.
Qeyd edək ki, Məşvərət Şurası üzvləri üçün bundan sonra da daxili görüşlər, təlimlər və vebinarların davam etdirilməsi planlaşdırılır.