MƏDƏNİYYƏT
“Xəzərin dalğaları” Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək
Bakı, 5 sentyabr, AZƏRTAC
“Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərslərin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olacaq.
Akvarel sevərlər ustad dərsini sentyabrın 11-də saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (“Facebook” - Xetaisenetmerkezi, “Instagram” -@xetaisenetmerkezi) üzərindən canlı yayımla, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.
Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.