REGİONLAR


Xırdalandakı partlayışda zərər çəkmiş sakinlər kirayə evlərdə yerləşdirilib

Xırdalan, 28 yanvar, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1B saylı binanın sakinləri ilə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, bu məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova araşdırmanın nəticəsindən asılı olaraq binanın təmiri ilə bağlı qərar veriləcəyini vurğulayıb.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi, ilk növbədə, görülməsi vacib olan məqamdır. Qış ayı olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də sürətli şəkildə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.