REGİONLAR
Xızıda 420 şagird yerlik yeni məktəb binası inşa olunur VİDEO
Xızı, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Xızıda 420 şagird yerlik ikimərtəbəli məktəb binasının inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonuna kimi istifadəyə veriləcək.
Hazırda özülünün inşası aparılan məktəb binasının tikinti sahəsi 2 min 164 kvadratmetrdir.
Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.
Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Xızı Rayon Təhsil şöbəsindən bildirib ki, son 5 ildə rayonda 4 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəblərdir.