REGİONLAR
Xızının Sitalçay kəndində uşaq bağçası istifadəyə verilib VİDEO
Xızı, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 22-də Xızı rayonunun Sitalçay kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçası-körpələr evi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, uşaq bağçasında 50 körpənin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Uşaq bağçası-körpələr evində iki yaşından beş yaşınadək uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək, onlara rəqs və musiqi öyrədiləcək.
Açılış mərasimində çıxış edənlər Azərbaycanda uşaqların qayğı ilə əhatə olunduğunu, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması üçün zəruri şəraitin yaradıldığını vurğulayıblar. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının icrası Xızıda da uğurla davam etdirilir.
Çıxış edənlər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.