REGİONLAR
Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş cinayətdir
Ağcabədi, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılan Xocalı soyqırımının 27-ci ildönümü Ağcabədidə silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Muğam Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin Xocalı faciəsinə həsr etdikləri əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin, N saylı hərbi hissənin zabit və əsgərlərinin, “Gənc Heydərçilər”in və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Mərkəzin əməkdaşı Cavid İsmayılov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev, "Gənc Heydərçilər" qrupunun rəhbəri Bəhram Əsgərli, N saylı hərbi hissənin əsgəri Namiq Qasımov və başqaları çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb, baş verənləri təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırıblar.
Sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.