QAN YADDAŞI
Xocalı şahidi: Şəhid ailələrinə yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarıq
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi zamanı atamı, anamı, polis əməkdaşı olan qardaşımı, əmim qızını, digər qohumlarımı itirmişəm. Hər iki valideynini itirmiş 25 uşaq arasında mənim yeddi yaşında olan qardaşım var idi. Ermənilər hamilə olan əmim qızını da öldürdülər. Erməni silahlı qüvvələrinin Xocalıya hücum edərək dinc əhaliyə qarşı belə bir qətliamı törədəcəklərinə inanmırdıq. Hazırda Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyimiz bu gün bizim üçün ən ağrılı tarixdir. Ötən 28 ildə biz bir dəqiqə də olsa bu faciəni unutmadıq.
Bu fikirləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasiminin iştirakçısı Tahirə Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.
Xocalı soyqırımının əsrin ən böyük faciəsi olduğunu qeyd edən T.Hüseynova deyib ki, tarixdə belə bir vandalizm görünməyib. Ermənilər qadınlara, uşaqlara, qocalara belə rəhm etmirdilər, vəhşicəsinə qətlə yetirirdilər.
“Ulu öndər Heydər Əliyev Xocalı şəhidlərinin xatirəsini daim dərin ehtiramla yad edir, xocalılı ailələrə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğını davam etdirən Prezident İlham Əliyevin hər il Xocalı abidəsini ziyarət etməsi, anım mərasimlərində iştirakı və şəhidlərimizin xatirəsini yad etməsi şəhid ailələrinə çox böyük mənəvi dayaqdır. Bu gün bir daha hiss etdim ki, biz həqiqətən də dövlətimizin diqqət mərkəzindəyik. Bu kədərli gündə Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri ilə həmrəy olduqları üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdaram”, - deyə T.Hüseynova qeyd edib.