REGİONLAR
Xocalı soyqırımı: bir ananın ürəkləri sızladan faciəsi
Goranboy, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Xocalı soyqırımından 28 il keçsə də, onun ağrı-acıları hələ də ürəkləri sızladır. Həmin müdhiş gecənin şahidlərindən biri də Məlahət Əliyevadır. Onun həyat yoldaşı, Xocalı özünümüdafiə batalyonunun üzvü Tapdıq Çobanov və 8 yaşlı qızı Nəzakət, bir bacısının 3 oğlu və həyat yoldaşı, digər bacısının həyat yoldaşı Ağdam istiqamətində erməni quldurlarının gülləbaranı nəticəsində şəhid olublar. Həmçinin 3 yaxın qohumu itkin düşüb, özü isə qolundan yaralanıb və təsadüf nəticəsində sağ qalıb.
AZƏRTAC-ın bölgə müxbiri Goranboyun Yeni yaşayış massivində məskunlaşmış Məlahət Əliyeva ilə görüşüb, onun yaşadığı dəhşətləri qələmə alıb.
Məlahət Əliyevanın dediklərindən: Ermənilər hələ 1988-ci ildən Xankəndidə azərbaycanlıların evlərini yandırmağa başlamışdılar. Biz Xankəndini tərk etmək məcburiyyətində qaldıq. Oradakı ikimərtəbəli 6 otaqlı evimiz düşmənlərə qaldı. Xocalıda məskunlaşandan sonra özümüzə yeni ev tikməyə başladıq. 1992-ci ilin fevralında ev demək olar ki, tam hazır idi, ora yığışmağa hazırlaşırdıq. Arzumuz ürəyimizdə qaldı...
Faciə axşamı həyat yoldaşım və qardaşım postda keşik çəkirdilər. Atışma səsləri eşidib həmişəki kimi evin zirzəmisinə düşdük. Həyat yoldaşım gəlib bizə baş çəkdi və sonra yenidən döyüşə getdi. Sonra kürəkənim Elbrus xəbər gətirdi ki, ermənilər şəhərə soxulublar. Hamı məktəb tərəfə gedir, siz də gedin. Məktəbə tərəf gedirdik ki, raket atıldı. Mərmi qəlpələri yan-yörəmizə səpələndi. Sonra eşitdik ki, hamı Xocalıdan çıxır. Biz də onlara qoşulub Ağdam tərəfə üz tutduq. Yollarda yaralananlar, ölənlər gördük.
Qarqarçayı keçib Kətik dağına tərəf getdik. Qızımı qucağıma götürüb yamacboyu güclə irəliləyirdik. Oradan baxanda Xocalının alov içində olduğunu gördük. Erməni postlarına çatanda istiqamətimizi dəyişirdik. Ağdamdan Şelliyə tərəf gedən asfalt yola yaxınlaşanda səhərə az qalmışdı. Yolu keçəndə rəhmətlik həyat yoldaşım özünü bizə çatdırdı. Güllə yağış kimi yağırdı. Qızımı bədənimlə örtmüşdüm ki, ona güllə dəyməsin. Amma eyni vaxtda ikimizə də güllə dəydi. Körpə balam qucağımda can verdi. Qızımın meyitini götürmək istəsəm də, gücüm çatmadı. Çığıra-çığıra yoldaşıma tərəf gedəndə onu da vurdular. Son sözləri bu oldu: “Bu tərəfə gəlmə, səni də vuracaqlar”. Oğlanlarımı haraylayıb birtəhər tapa bildim və güc-bəla ilə özümüzü Ağdama çatdırdıq. Qızımın, ərimin cəsədləri isə orada qalmışdı.
Sonradan həyat yoldaşımın və qızımın meyitlərini gətirdilər. Onlar Ağdamda Şəhidlər xiyabanında dəfn edildi.
Fevralın 28-i mənim doğum günümdür. 28 il əvvəl həmin gün əzizlərimi, doğmalarımı torpağa tapşırdım. Ürəyimizə vurulan Xocalı yarası unudulan deyil.
Xocalı soyqırımının canlı şahidinin göz yaşları içində danışdığı faciə erməni faşistlərinin 28 il əvvəl törətdikləri dəhşətli soyqırımının yalnız bir epizodudur. Həmin gecədə 613 nəfər öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.