QAN YADDAŞI


Xocalı soyqırımına düzgün siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Yekaterinburq, 25 fevral, AZƏRTAC

Rusiyanın Sverdlovsk vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunun Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayəti üzrə nümayəndəliyi ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan diasporunun fəalları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Yekaterinburqdakı baş konsulluğu qarşısına toplaşanlar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini yerinə yetirən İlqar İsgəndərov çıxış edərək bildirib ki, Xocalı soyqırımına düzgün siyasi qiymət verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirib və dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başlayıb. İ.İsgəndərov Heydər Əliyev Fondunun vitse–prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə geniş məlumat verib, bu kampaniyanın nəticəsi kimi Xocalı hadisələrinin soyqırımı aktı kimi bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanındığını və pislənildiyini bildirib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin fəalları Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə danışaraq bildiriblər ki, erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.