ELM VƏ TƏHSİL
Xocalıda dinc sakinlərin qətlə yetirilməsi insanlığa sığmayan qəddarlıqdır
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, yalnız xəstə düşüncəyə malik bir millət misli görünməmiş belə bir vəhşiliyi törədə bilər. Akademik vurğulayıb ki, onlar xalqımıza qarşı bu qəddarlığı törətsələr də, bizi ruhdan sala bilmədilər. İnsanlarımızı öldürsələr də, qədim tarixə malik qüdrətli bir xalqın ruhunu öldürə bilmədilər.
Teymur Kərimli vurğulayıb ki, xalqımıza qarşı Xocalı soyqırımı kimi vəhşiliyi yaşadan ermənilərdən müasir dövrdə intiqam almağın ən doğru yolu elmdir, inkişafdır. Biz elmin, mədəniyyətin və dövlətimizin gücü sayəsində ermənilərdən öz qisasımızı almalıyıq. Bu yolla biz şəhidlərimizin ruhunu hər zaman uca tuta bilərik.
Akademik erməni xislətinə xas olan qorxaqlığı, qəddarlığı bir çox klassik şairlərin, yazıçıların da öz əsərlərində təsvir etdiyini qeyd edib və onlardan nümunələr səsləndirib.
İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxışında erməni vəhşiliklərinin tarixinə nəzər salıb, işğalçı çar Rusiyasının ermənilərə hər zaman havadarlıq etdiyini və Xocalı faciəsinə bənzər qırğınların xalqımıza qarşı dəfələrlə törətdiklərini diqqətə çatdırıb.
Xocalı faciəsinin canlı şahidi, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Raqub Kərimov ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıb. O, Xocalının mərd oğullarının ermənilərə qarşı apardıqları mübarizədən də bəhs açıb.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın faciəyə rəvac verən həmin dövrün siyasi proseslərinin nəticələrini sadalayıb. Müasir dövrdə isə ermənilərin əməlləri haqqında real faktlar üzə çıxdığı üçün beynəlxalq aləmdə onların xislətlərinin artıq tanındığını söyləyib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Xocalıda törədilmiş qətliama Qaradağlı faciəsindən hazırlıq getdiyini bildirib, muzdlu rus ordusundan dəstək görən rəzil ermənilərə qarşı qəhrəmancasına vuruşmuş Azərbaycan igidlərindən Əlif Hacıyev, Ələsgər Novruzov, Araz Səlimov və digərlərinin şücaətlərindən danışıb.
Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, Qarabağ müharibəsi veteranı Şöhrət Səlimbəyli Xocalı faciəsində sağ qalmış soydaşlarımızın xilas edilməsində xidmətlər göstərmiş bir döyüşçü kimi şahidi olduğu hadisələrdən ürəkağrısı ilə danışıb.