QAN YADDAŞI
Xocalıda törədilən kütləvi insan qırğını erməni vəhşiliyinin sübutudur
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 26 il bundan əvvəl Xocalıda baş verən hadisələrdən söhbət açıb. Bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktı xalqımızın qan yaddaşında silinməz izlər qoyub.
İnstitutun həmkarlar ittifaqı komitəsinin sədri, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva tarixboyu xalqımıza qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdikləri kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələrin birmənalı genosid faktı və erməni vəhşiliyinin sübutu olduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı addımlar atıldığı vurğulanıb.
Sonda institut əməkdaşlarının övladları Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Həmçinin Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.